Azərbaycan incəsənətini Özbəkistanda uğurla təmsil edən gənc xanəndə Mehdi Həsənovun uğurları-MÜSAHİBƏ
İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyinin üzvü, istedadlı gənc xanəndə Mehdi Həsənov İcxeberler.com saytına müsahibə verib. Bildirib ki, məqsədi Azərbaycan musiqisini və milli mədəniyyətimizi beynəlxalq platformalarda layiqincə təmsil etməkdir.
"Son illərdə fəaliyyətimi əsasən qardaş Özbəkistanda davam etdirir və burada əldə etdiyim uğurlarla Azərbaycan incəsənətinin tanıdılmasına töhfə verməyə çalışıram.
Mən ilk dəfə 2022-ci ildə Özbəkistana gəlmişdim. Həmin dövrdən etibarən beynəlxalq festivallarda və televiziya proqramlarında iştirak etməyə başladım. Buradakı insanların qonaqpərvərliyi, zəngin mədəniyyəti və səmimiyyəti məndə çox xoş təəssürat yaratdı.
Keçən ilin iyun ayında atamla birlikdə yenidən Özbəkistana gəldim. Burada festivallarda, dövlət tədbirlərində və televiziya proqramlarında daha fəal iştirak etməyə başladım. Hazırda 11-ci sinifdə təhsil alıram və eyni zamanda universitetə hazırlaşıram.
Daşkənd şəhərində və müxtəlif vilayətlərdə Azərbaycanla bağlı keçirilən tədbirlərdə mütəmadi iştirak edirəm. Məqsədim Azərbaycan incəsənətini Özbəkistanda və ümumilikdə Mərkəzi Asiya ölkələrində yüksək səviyyədə təmsil etməkdir.
Martın 21-də Daşkənddə 23 ölkənin iştirakı ilə keçirilən Novruz bayramı tədbiri mənim üçün xüsusilə yadda qalan oldu. Çıxışım tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Özbəkistan prezidenti, mədəniyyət naziri və digər rəsmi şəxslər çıxışımı yüksək qiymətləndirdilər və xoş sözlərini bildirdilər. Dövlət başçısının şəxsən mənə diqqət ayırması mənim üçün böyük motivasiya oldu.
Həftədə ən azı 1-2 dəfə müxtəlif tədbirlərdə və televiziya proqramlarında iştirak edirəm. Bu platformalarda Azərbaycan mədəniyyəti və incəsənəti haqqında danışıram, xalq mahnılarımızı və bəstəkar mahnılarını ifa edirəm. Bununla yanaşı, özbək mahnıları da repertuarımda yer alır.
Son günlər Orta Asiya ölkələri ilə Azərbaycan dostluğu forumunda fəal iştirak edirəm. Burada həm Azərbaycanın, həm də Özbəkistanın ustad sənətkarlarının repertuarından mahnılar ifa edirəm. Son 10 ay ərzində 50-yə yaxın festival və tədbirdə iştirak etmiş, televiziya və radio proqramlarında qonaq olmuşam. Artıq getdiyim vilayətlərdə tanınır və sənətimə dəyər verildiyini hiss edirəm.
İyun ayında Qırğızıstan Respublikasında keçiriləcək dövlət tədbirinə dəvət almışam. Çalışacağam ki, oradan da uğurla qayıdaraq Azərbaycanı layiqincə təmsil edim.
Yeganə məqsədim Azərbaycan incəsənətini Mərkəzi Asiya ölkələrində daha geniş tanıtmaq və milli musiqimizi beynəlxalq səviyyədə uğurla təqdim etməkdir. Bu yolda mənə dəstək olan Daşkənd şəhərindəki Azərbaycan Milli Mədəniyyət Mərkəzinə, Fərqanə şəhər hakimiyyətinə və hər zaman yanımda olan insanlara təşəkkür edirəm.
Özbəkistanda insanların mənə qarşı münasibəti, mədəniyyətləri və qonaqpərvərlikləri məni çox təsirləndirib. Burada Azərbaycan mədəniyyətini təmsil etmək mənim üçün həm böyük qürur, həm də məsuliyyətdir"-deyə gənc xanəndə qeyd edib.











