SEVİNDİK NƏSİBOĞLU:"Kitabımı Suverenliyimizi təmin edənlərə həsr etdim"
İllərlə öz doğma yurd-yuvasında, doğma ocağında yaşamalı olsa da yaşamayan, öz evindən, obasından zorla didərgin salınmış, sakit kənd həyatından məcburən qovulduğundan yaşamaq, böyük şəhərlərdə ayaqda dura bilmək üçün illərlə çalışmış, çabalamış və həsrət dolu həyatını ailəsi və uşaqları ilə ovundurmuş neçə-neçə məcburi köçkün ailəsindən sadəcə birinin sonbeşiyi kimi dünyaya gələn biri olaraq ağlımın kəsdiyi, həyatı uşaq düşüncəsi ilə dərk etməyə başladığım vaxtdan bəri “Qarabağ” kəlməsi, “Qarabağ” sözü, təəssüflər olsun ki, mənim üçün heç də müsbət, xoş, pozitiv şeyləri xatırlatmırdı. Oradan - o qəhrəmanlar yetişdirən, barlı-bərəkətli, min cür nemətli, gözəl Qarabağ torpağından olduğum üçün nə qədər sevinsəm də, o torpaqların mənfurlar tərəfindən bizdən müvəqqəti də olsa qopardılmasına görə ondan qat-qat artıq kədərlənirdim. Xocalının adı səslənəndə isə orada törədilən vəhşiliklərdən tüklərim biz-biz olurdu. Bir an elə fikirləşirdim ki, nə vaxtsa ora azad olunsa və ora gedə bilsəm, yer-yurd ayağımın altından qaçacaq, dağlar, daşlar dilə gələcək və sanki Milli Qəhrəmanımız Çingiz Mustafayevin çəkdiyi kadrlardakı səhnələr gözümün önündə canlı olaraq görünəcək. Birinci Qarabağ müharibəsi illərindən danışanda iliklərimə qədər şaxta-sazaq hiss edirdim. Özü də 26 fevralın Xocalı şaxta-sazağını...
İllər keçir və rəqəmlər artdıqca bizə belə acı illər yaşatdığı üçün səbəbkarlara - qaniçən, mənfur düşmənlərə və onların havadarlarına nifrətim sonsuz dərəcədə artırdı. Hər bayramqabağı “Allah qoysa, gələn ilin bu günü bu bayramı Qarabağda qeyd edərik” sözünü eşidəndə də eyni dərəcədə üşütmə keçirirdim. O gələcək günlər bir arzu, bir xəyal kimi gözümün qabağına gəlirdi. Daxilimdən gələn bütün həsrət duyğuları birləşib mənə ifadəsi mümkünsüz olan çətinlik, əzab və iztirab verirdi. Bir anlıq bayram ab-havasından çıxırdım.
Qarabağa qayıdacağımız günlərdən söz düşəndə, televiziya kanallarında bununla bağlı fikirlər səsləndiriləndə öz varlığım kimi bunların olacağına inansam da, bu böyük, möhtəşəm hadisənin hansı tezlikdə baş verəcəyini dəqiqləşdirə bilmirdim. Sözlər qəlbimdən hələ dilimə sızıb oradan dodağıma yol tapmamış elə bil yoldaca düyünlənirdi.
Bilirsiniz niyə Qarabağın nə vaxt azad olunacağı ilə bağlı tərəddüd hissləri keçirirdim? Ona görə ki, özümdən əvvəl məcburi köçkünlük həyatı yaşamış və Qarabağın azad olacağı vaxtı görmədən gedən yaşıdlarımı və böyüklərimi düşünürdüm. Fikirləşirdim ki, nə qədər insan o gözəl günü görmədən dünyasını dəyişib, bu həyatdan köç edib. Yəni mən o qədər yaxşı, əməlisaleh insan olacağammı ki, mənə o müqəddəs günü görmək nəsib olacaq? Təbii ki, həsrətimiz nə qədər böyük olsa da, Qarabağın azad olunacağı gələcək günlərə, o gözəl günlərə inamımız ondan da böyük idi...
Burada uşaqlıq xatirələrimdən bir də danışmaq istərdim.
Mən uşaq olduğum zaman bir çox oğlan uşaqlarının normal başa düşdüyü kimi hərbi mövzulara çox maraq göstərirdim. Otağımda bəzi animasiya oyuncaqları və kuklaları ilə birlikdə oyuncaq tapança və suatan avtomat da var idi. Oyuncaq maşınlar içərisində isə əsas yeri tank tuturdu. Müharibə, xüsusilə də Qarabağla bağlı olan filmlərə isə xüsusi marağım var idi. Atəşkəs dövrünün unudulmaz xəbərlərini də həmişə maraqla dinləyərdim. Heç unutmaram ki, Aprel döyüşlərindən qabaq və sonrakı dövr aralığında haradasa hər gün Azərbaycan-Ermənistan təmas xəttində atəşkəsin bir neçə dəfə pozulması xəbərlərini eşidirdim. Bundan əlbəttə, ailə üzvlərim kimi mən də narahat olurdum. Amma ailə üzvlərim böyük kimi narahatlıq çəkirdilər, mən isə uşaq kimi, uşaq təxəyyülümlə bu vəziyyətdən narahat idim. Bir də düşünürdüm ki, daha bu xəbərlər gəlməyəcək, elə o təmas xətti haradırsa, oradan da qəhrəman əsgərlərimiz Qarabağa doğru mətin, mübariz addımlarla qələbə yolunda addımlamağa başlayacaqlar. O dövrün daha tez gəlib çatmasını istəsəm də o hadisələrin düz mərkəzində olmağı lap çox istəyirdim. Bir sözlə, əlimə silah alıb Qarabağı döyüşə-döyüşə azad etməyi... Amma valideynlərim həm mənə görə duyduqları narahatlıqdan, həm də ümidlərindən deyərdilər ki, - “Narahat olma, Sevindik, sən böyüyəndə bu məsələ çoxdan həllini tapmış olacaq”.
Qarabağa, xüsusilə də ana yurdum Xocavənd rayonunun Muğanlı kəndinə olan həsrətim günü-gündən artırdı. Hər zaman anamın, nənəmin danışdıqları ilə kifayətlənməyib internetdən o yerləri araşdırır, onlayn xəritələrdə ilk olaraq kəndimizin adını yazırdım. Oranın necə bir yer olduğunu internetdən də olsa, gözümlə görmək mənim üçün ifadəsi mümkünsüz olan bir səadət, xoşbəxtlik, həddi-hüdudu olmayan bir sevinc idi.
Bir də ki, mən uşaq olanda torpaqlarımızın azad olunacağı gün ilə birlikdə torpaqlarımızı azad edəcək qəhrəmanları da fikirləşirdim. Kəndimizi, rayonumuzu, Qarabağımızı azad edəcək komandanı, əsgəri, zabiti, hər kəsi uşaq təxəyyülümlə haqlı olaraq dünyada ən böyük qəhrəman kimi düşünür və onların kimliyini, o qəhrəmanlar barədə səlis məlumatları öyrənmək istəyirdim. Ədəbi fəaliyyətimin davamında onların, o əvəzsiz qəhrəmanların düşmənə qarşı silah tutan əllərini söz qızılına, şeir, məqalə yağışına tutmaq istəyirdim. Amma bunun üçün əvvəlcə o məqamın yetişməli olmasını bilirdim...
O məqam yetişəndə, yəni 27 sentyabr 2020-ci ildən başlayan və Şuşa zəfəri ilə taclanan Zəfər yürüşü 3 illik intizardan sonra 2023-cü ilin 20 sentyabrında 23 saat 43 dəqiqəlik antiterror əməliyyatları ilə sona yetəndə, kəndimiz, rayonumuz, Qarabağımız azad olunanda və Azərbaycanımızın ərazi bütövlüyü tam bərpa olunanda anladım ki, o komandan Ali Baş Komandanımızdan, o əsgərlər də on minlərlə qəhrəman döyüşçülərimizdən və 200-dən çox Şəhidimizdən başqası deyil, qəlbimdə yetişdirdiyim qəhrəmanlar elə onlardır.
Təbii ki, Ali Baş Komandanımıza təşəkkürümü hər vəchlə, hər şeirim və məqaləmlə bildirməyə çalışmışam. Döyüşçülərimizin hamısının adını bilmədiyimdən təəssüflənsəm də, yazılarımda onların hər birini bir qəhrəman kimi ümumiləşdirib ədəbi bir abidəyə çevirməyə çalışmışam. “Antiterror əməliyyatında şəhid olan igidlərimizlə bağlı əlimdən gələn olaraq nəyi və necə edə bilərəm?” sualı isə keçən ildən bizi ayıran 1 il ərzində hər an beynimi, ağlımı, fikrimi məşğul etdi. Onların hər biri haqqında şeir və ya məqalə yazmaq, 1 ilə tamamlamaq istədiyim kitabım, layihəm üçün çox uzun bir vaxt alardı. Ona görə də Şəhidlərimizin hər biri haqqında dünyaya gəldikləri gündən Şəhidliyə yüksəldikləri günə qədər olan həyatları haqqında yığcam, yığcam olduğu qədər də zəngin bioqrafiyalar yazmaq, araşdırmaq və toplayıb tərtib etmək qərarına gəldim. Bir an da yorulmadan, usanmadan, əksinə, sanki hər səhifədə Şəhidlərimizin ruhları ilə söhbət edir, onların bu çətin, ancaq şərəfli işdə xeyir-dualarını alıb özümə enerji yığırdım. Gərgin vaxtların sonunda isə günlərimin, həftələrimin, aylarımın və 1 ilimin zəhməti bahasına başa gələn “Suverenliyimizi təmin edənlər” adlı kitabım işıq üzü gördü və Şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək, sizin kitabxananızı zənginləşdirmək üçün hazır hala gətirildi. Kitabda bütün Antiterror Şəhidləri haqqında tərtib etdiyim bioqrafiyaları, həmçinin 1 şeir və 2 məqaləni oxuya bilərsiniz. Hər kitabımla bağlı olan düşüncəm bu kitabımla bağlı da eynidir. İnanıram ki, kitabımı sevə-sevə oxuyacaq və gərgin günlərimin məhsulunu lazımınca qiymətləndirəcəksiniz. Ona görə ki, bu kitab bol zəhmət və əziyyətlə bərabər həm də bol Vətən sevgisi ilə yazılmışdır.
Ən çox mənə rahatlıq verən isə odur ki, qəhrəman Şəhidlərimiz “Kitabi-Dədə Qorqud” dastanındakı qəhrəmanlar kimi bu kitabla minilliklər yaşayacaqlar. Şəhidlərimiz şirin canlarını Vətən torpaqlarının azadlığı və suverenliyimiz, ərazi bütövlüyümüz üçün fəda ediblər. Bu minillikləri yaşamaq onlar üçün çox azdır. Mənim düşüncəmə görə...
Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Müstəqilliyimiz və suverenliyimiz əbədi olsun. Amin.
Qarabağ Azərbaycandır!
Sevindik Nəsiboğlu
/11-ci sinif şagirdi, şair-publisist, AJB üzvü/